Siyasi Kampaniya

   Bildiyiniz kimi, 9 Fevral 2020-ci ildə Azərbaycan Respublikasında keçiriləcək, Parlament Seçkiləri uzun müddətdir ki, müzakirə edilir və maraqla gözlənilir. Uzun illərdən sonra ilk dəfə ölkədə bir seçki prosesində bu qədər canlanma və aktivlik müşahidə edilir. Hətta sosial şəbəkələrdə namizədlərin sayının çoxluğu ilə bağlı narazılıqlar belə hiss edirik. Amma bu narazılıqları çox da ciddi qəbul etməmək lazımdır. Məncə ölkəmizdə belə aktiv seçki prosesinin başlaması və insanların cəsarəti alqışlanmalıdır. Hətta bu dövr ərzində rahatlıqla müzakirə edilməlidir. Nə vaxta kimi başqa ölkələrin seçkilərini müzakirə etməliyik ki?
Sosial şəbəkələr üzərindən aparılan seçki kampaniyalarını da vacib və yerində hesab edirəm. Seçicilərə çata bilmək üçün bütün vasitələrə əl atmaq şərtdir. Narazılıq olacaqsa da, qanunların pozulması və siyasi kampaniyaların düzgün aparılmamasından olsun.Bəs bu siyasi kampaniya nədir, necə aparılır, seçkiyə necə təsir edir? Bu barədə Kadir Sarıtaşın məqaləsindən ilhamlanaraq, məlumatlandırmaq istəyirəm.
Siyasi kampaniyalar – siyasi partiyaların, bitərəf namizədlərin ideologiyalarını, proqramlarını seçicilərin qarşısına çıxartmaq üçün həyata keçirdikləri fəaliyyətlər olaraq qəbul edilir. Bu fəaliyyətlər müəyyən zaman aralıqlarında reallaşdırılır.
Yaxşı siyasi kampaniya ciddi hazırlıq tələb edir. Seçki kampaniyalarında namizədlər fikirlərini, cəmiyyətdəki problemlərlə bağlı düşüncələrini, həll yollarını xalqa təqdim etmək üçün yarışırlar. Məsələyə bu tərəfdən baxanda əslində seçim kampaniyaları həm də məlumatlandırma prosesi olaraq da izlənə bilər (Nadeau,Nevitte,Gidengil Blais, 2001;2).
Siyasi kampaniyaların ilk başladığı və inkişaf etdiyi ABŞ-da seçim kampaniyaları əsasən 2 ana partiya – Cümhuriyyətçilər və Demokratlar arasında baş verir. 50-ci illərdə başlayan bu rəqabət kampaniyalarına, hazırda milyon dollarlıq büdcələr xərclənir.
Siyasi kampaniyaların, məlumatlandırma, inandırma və ictimai rəy yaratma olmaqla üç əsas məqsədi mövcuddur. Bir seçim kampaniyasında partiyalar və namizədlər seçicilərə, həyata keçirilən və keçirilməsi lazım olan siyasət, gündəmdəki mövzular, rəqib namizədlərin etdikləri doğru və yanlış fəaliyyətlər ilə bağlı məlumat paylaşırlar.
Bir siyasi kampaniyanın funksiyalarını aşağıdakı kimi sıralamaq mümkündür:
– Siyasi kampaniyalar, seçicilərin seçimlərinə təsir edərək, onları səs verməyə yönləndirir.
– Siyasi kampaniyalar, hər cür fikirlərin müzakirə edilməsi üçün uyğun bir mühit yaradır.
– Kampaniyalar vasitəsilə partiya təmsilçiləri və namizədlər ictimaiyyətə tanıdılır, seçicilərin səs verəcəkləri namizədləri tanıma şansları yaradılır.
– Kampaniyalar, seçicilərin siyasi sistemə bağlanmalarına kömək edir, eyni zamanda ortaq məxrəcə gəlinən mühitlərin formalaşdırılmasına və demokratiya mədəniyyətinin yayılmasına səbəb olur.
– Kampaniyalar zamanı kütləvi informasiya vasitələri ilə ölkədəki əsas problemlərin gündəmə gətirilərək, seçicilərin bunları öyrənməsi və müzakirəsi baş tutur.
Bir siyasi partiya və ya namizəd kampaniyaya başlamadan əvvəl hədəfini və strategiyasını hazırlayıb, ona uyğun addımlar atmalıdır. Məsələn, bir namizəd xalq tərəfindən çox tanınmırsa, öz platformasından öncə özünü tanıtmalı, özü haqqında məlumat paylaşmalıdır. Yox əgər yetərincə tanınmış bir namizəddirsə, kampaniya xalqı inandırma istiqamətində formalaşmalıdır.
Qərarlı, qərarsız və maraqlanmayan seçicilərə yönəlik kampaniyalar olmaqla üç qrupda toplanan, siyasi kampaniyalarının təsirlərini araşdıran araşdırmacılara görə siyasi kampaniyalar zamanı üç cür seçici profili ortaya çıxır. Bunlar; formalaşanlar, ortada qalanlar və partiya dəyişdirənlər şəklində sıralanır(Özkan, 2007:120).



Siyasi kampaniyaların təsiretmə gücü ilə bağlı 50-ci illərdən indiyə kimi aparılan araşdırmalar göstərir ki, bu cür kampaniyalar ən çox partizan seçicilərin seçimlərini gücləndirir.
Kampaniyaların əsas təsir edə biləcəyi digər qrup isə qərarsız seçicilərin səsləridir. Bu seçicilər siyasi kampaniyalar üçün çox vacibdirlər. Bu kütlə seçki günü səs vermə davranışını kampaniyalar zaman namizədlərin vədlərinə və özlərinə tanıtmaqlarına görə formalaşdırırlar. Xüsusilə namizədlərin seçki kampaniyaları zamanı keçirdikləri görüşlər, sosial şəbəkələr üzərindən danışıq mədəniyyətləri seçicilərin qərarına təsir edir. Dünya praktikasında bir çox nümunəyə baxıldığında siyasətçilər, tərəfdar çoxluğu (“bandwagen effect”) imici yaratmağa çalışaraq, qərarsız seçiciləri öz tərəflərinə çəkməyə çalışıblar.
Prof. Dr. Ömer Çaha “seçim kampaniyaları seçicilərə nə qədər təsir edir?” yazısında bu məsələni belə açıqlayır: “29 mart 2009-cu il seçkilərindən sonra İstanbulda 3000 nəfər əhali arasında həyata keçirdiyimiz araşdırmaya əsasən, seçki kampaniyalarının seçiciyə elə də ciddi təsir etmədiyini aydınlaşdırdıq. Seçkidən bir həftə əvvəl həyata keçirilən, 3 həftə ərzində yekunlaşdırılan digər bir araşdırmada da İstanbul seçicilərinin 95%-i CHP-nin, 81%-i də AKP-nin hər hansı bir sloqanını xatırlamamışdır.
Seçki nəticələrinə görə kampaniyaların 1-2% kimi təsiri olduğunu görmək mümkündür. (Türkiyədə qərarsız seçicilərin səslərinin də partiyalar arasında paylandığını nəzərə alsaq, siyasi kampaniyaların qərarsız seçiciyə olan təsir gücünün göz ardı edildiyini də müşahidə etmiş oluruq).”
Obamanın qalib gələcəyini bir neçə həftə öncədən deyən, Alan Abramowitz Washington Postda “do campaigns really change voters’ minds?” başlığı ilə dərc olunan yazısında 1992-ci ildən bu günə kimi etdiyi araşdırmalar nəticəsində siyasi kampaniyaların seçkiyə təsirinin 2% olduğunu bildirir. Yenə də Türkiyədə AKP-nin siyasi reklam kampaniyalarını hazırlayan Arter Agentliyinin şəhid olmuş keçmiş rəhbəri Erol Olcak da Zamana verdiyi müsahibəsində seçki kampaniyalarının səs verməyə təsirinin 2% olduğunu demişdi.


Siyasət ünsiyyət texnikalarını idarə edə bilmək bacarığıdır. Siyasi kampaniyaların seçkiyə ciddi təsiri olsa da seçkini qazandıran “namizədlər” və inandırma qabiliyyətləridir. Siyasətdə partiyanızın və ya namizədinizin davranışlarını profesional şəkildə idarə edə bilmirsinizsə, seçkiyə 3-5 ay qalmış hazırlanan seçki kampaniyaları seçki üçün sadəcə “gecə keçən gəmi” olar (David Ogilvy, 7 Avqust, 2014.).
Çox istərdim ki, ölkəmizdə də seçki kampaniyası prosesində debatları izləyək və namizədlərimizi daha yaxşı tanıyaraq, seçimlərimizdən əmin olaq. Çünki hələ də öz dairəmdən olan namizədləri tanımıram və qərarsızam 🙂

 

Paylaş:

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir